DE
Ömrünün payızı baharın olub,
Çaldım pəncərəni, bir “xoş gəldin”, de!
Yolların həsrəti gözümə dolub,
Aşdım dağ-dərəni, dur, “xoş gəldin”, de!
Bir sevda içində olmuşam köz-köz,
Necə söyləyirsən, axı necə, “döz!”?
Niyə çətin olub bircə kəlmə söz?!
Uçur bənd-bərəni, yar, “xoş gəldin”, de!
Gözündən uzaqda, qürbətdə mənəm,
Baxışında həsrət, dumanam, çənəm..
Özün ki, bilirsən, ruhuna tənəm,
Sənsiz dünya mənə dar, “xoş gəldin”, de!
Hüsnümə biganə qalarsan, solar.
Sən öpməyən teli küləklər yolar.
Boşla gəl inadı, axı nə olar?!
Yağmasın gül üstə qar, “xoş gəldin”, de.
Eşqini gizlətmə, haqqsızlıq yetər!
Leylinəm, sən mənə Məcnundan betər..
Alıb sevgimizi, durnalar ötər,
Hər kəsə eyləyər car, “xoş gəldin”, de!
LALƏ İSMAYIL








