TÜRKÜLER
Biz gedərik, nəsillərə,
Ərmağan qalar türkülər.
Əsir alıb könül bağın,
Eşq ilə talar, türkülər..
Göy buludlardan üzülüb,
Axıb, dağlardan süzülüb,
Dərə, təpə, çay, düzülüb,
Xəyala dalar türkülər.
Bu günlərdən, yarınlardan,
Keçib, oddan, boranlardan,
Qayıtmayan durnalardan,
Bir soraq salar türkülər.
Gedən dinməz, gələn sormaz,
Nə haldasan, bilən olmaz..
Yaran dərin, qanı durmaz,
Qadanı alar türkülər.
Ozan əhli mizan gözlər,
Dinib, deməz boşa sözlər.
Lalə, danmaz, dağlar, düzlər,
Arxanca çalar türkülər.
Lalə İsmayıl









